18 sentyabrın tarixində Astanada və 20 sentyabr tarixində Almatıda keçirilən LTM tədbirində Azərbaycan Turizm Bürosu öz lüks turizm məhsullarını təqdim edib. Bu nüfuzlu B2B (biznesdən-biznesə) formatlı tədbir turizm sahəsində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün əlverişli platforma oldu. Hər iki şəhərdə Azərbaycan Turizm Bürosu Qazaxıstanın 25 aparıcı turizm operatoru və səyahət agentliyi ilə görüşərək, ölkənin turizm potensialını, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də MICE (Biznes turizmi) və eksklüziv lüks turizm məhsullarını geniş şəkildə təqdim edib.
Qeyd etmək vacibdir ki, 19 sentyabrın tarixində Almatıda “Kompas Tour” ilə əməkdaşlıq çərçivəsində keçirilən seminar formatında biznes səhər yeməyində 50 turizm agenti iştirak edib. Tədbirdə Azərbaycanın əsas turizm destinasiyaları ilə bağlı ətraflı təqdimat keçirilib, və qarşıdan gələn qış mövsümü isə xüsusi diqqət mərkəzində olub. İştirakçılara ölkəmizin qış idman növləri, mədəni turizm və sağlamlıq təklifləri haqqında məlumat verilib, ölkənin turizm təcrübələri geniş şəkildə müzakirə olunub.
Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 2024-cü ilin yanvar-avqust ayları ərzində əhəmiyyətli dərəcədə artıb. Bu dövrdə ölkəmizə 58,082 qazaxıstanlı turist səfər edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64% artım deməkdir. Bu artım Azərbaycanın qazaxıstanlı turistlər üçün getdikcə daha cəlbedici bir istiqamətə çevrildiyini göstərir, xüsusilə lüks turizm, qış idmanları və mədəni təcrübələr sahələrində.
Azərbaycan Turizm Bürosu bu uğurlu tədbirlər əsasında Qazaxıstan bazarı ilə əlaqələrini daha da genişləndirməyi və gələcəkdə bu əlaqələri daha da möhkəmləndirməyi planlaşdırır.