Azərbaycanın turizm imkanları 26-29 sentyabr 2024-cü il tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən “Yaponiya Expo Turizm” sərgisində (Tourism Expo Japan 2024) tanıdılır.
Sərgi iştirakçılarına ölkəmizin malik olduğu mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilir.
Ölkəmizi təmsil edən Azərbaycan Turizm Bürosunun nümayəndələri və yerli tərəfdaşların iştirakı ilə Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil edilib və əməkdaşlıq barədə müzakirələr aparılıb. Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.
Sərgidə iştirakın məqsədi turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Yaponiyadan Azərbaycana səfər edən turistlərin ötən ilin eyni dövrü ilə müqayisədə 60%-dan çox artıb.