Azərbaycan Turizm Bürosu (ATB) 19-21 may tarixlərində İspaniyanın Vielha şəhərində “Macəra Turizmi Sənayesi Assosiasiyası” (ATTA) tərəfindən təşkil olunan “Adventure ELEVATE Europe 2026” təlim və şəbəkələşmə konfransında iştirak edir.
Tədbir çərçivəsində qlobal macəra turizmi sənayesindən turizm şirkətləri və turoperatorları ilə əvvəlcədən planlaşdırılmış görüşlər keçirilir. Görüşlər zamanı Azərbaycanın mədəni irsi, zəngin təbiəti, eləcə də macəra və aktiv istirahət imkanları hədəf auditoriyaya tanıdılır. Tədbir eyni zamanda yeni tərəfdaşlıqların qurulması və Azərbaycanın beynəlxalq turizm bazarında mövqeyinin gücləndirilməsi baxımından effektiv platforma rolunu oynayır.
“Macəra Turizmi Sənayesi Assosiasiyası” (ATTA) qlobal macəra turizmi sənayesini bir araya gətirən dünyanın ən böyük şəbəkələrindən biridir. Assosiasiya dünyanın müxtəlif ölkələrindən olan 30 mindən çox üzvü, o cümlədən turizm şirkətləri, turoperatorları və sənayenin digər nümayəndələrini bir araya gətirir.
Assosiasiyanın regional tədbir platforması olan “AdventureELEVATE Europe” macəra turizmi sahəsində fəaliyyət göstərən liderləri və peşəkarları bir araya gətirərək fikir mübadiləsi, yeni tendensiyaların müzakirəsi və sənayenin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün geniş şəbəkələşmə imkanları yaradır.