Avqustun 13-də Azərbaycan Turizm Bürosunun (ATB) Rusiya Federasiyasındakı rəsmi nümayəndəliyinin təşkilatçılığı ilə Moskvada Rusiya turizm sənayesi nümayəndələri üçün ölkənin aparıcı turoperatoru “FUN&SUN” ilə birgə Azərbaycanın turizm imkanlarına dair təqdimat keçirilib.
Tədbirin əsas məqsədi Rusiya turizm sənayesi ilə əməkdaşlığın gücləndirilməsi və Azərbaycanın Rusiya bazarında ilboyu cəlbedici səyahət istiqaməti kimi təşviqinin davam etdirilməsi olub. Görüş zamanı Azərbaycanın turizm potensialı, müxtəlif səyahət təcrübələri və Rusiya turizm şirkətləri ilə tərəfdaşlıq imkanları müzakirə edilib.
Tədbirdə “FUN&SUN” ilə əməkdaşlıq edən 50-yə yaxın aparıcı turizm şirkətinin nümayəndələri iştirak edib. İşgüzar proqram çərçivəsində ATB-nin Rusiya Federasiyasındakı Nümayəndəliyi, eləcə də “Absheron Hotel Group” və “Sea Breeze” tərəfindən Azərbaycanın yeni turizm təklifləri təqdim olunub.
Hazırda Azərbaycan və Rusiya arasında uçuşlar “Azerbaijan Airlines” (AZAL), “UTair”, “Aeroflot”, “Rossiya Airlines”, “Ural Airlines”, “S7 Airlines” və “IrAero” aviaşirkətləri tərəfindən həyata keçirilir. Ümumilikdə, hava əlaqəsi Azərbaycanın dörd hava limanını Rusiya Federasiyasının 10-dan çox hava limanı ilə birləşdirir.
Qeyd edək ki, 2026-cı ilin iyul ayında Rusiyadan ölkəmizə 73 mindən çox ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə artım deməkdir.