Aprelin 28-də "Hotelstars" İttifaqının (HSU) Norveçin Oslo şəhərində keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanın tamhüquqlu üzv statusu yekdilliklə təsdiqlənib. Bu mühüm addım ölkəmizi Avropanın qonaqpərvərlik sahəsində aparıcı ölkələri ilə eyni sıraya çıxararaq keyfiyyət standartlarının yüksəldilməsi istiqamətində yeni bir mərhələnin əsasını qoyur.
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotellər Assosiasiyasının sıx əməkdaşlığı ilə 2019-cu ildən etibarən Hotelstars İttifaqının tətbiqedici üzvü kimi beynəlxalq təsnifat sisteminin ölkə miqyasında tətbiqi üçün ardıcıl işlər aparırılır. İndi isə tamhüquqlu üzv statusu ilə Azərbaycan, Hotelstars İttifaqının təsnifat və yoxlama prosedurlarına tam uyğunluq nümayiş etdirən ölkələr arasında yer alır. Bu status Azərbaycanın idarəedici strukturlarda söz sahibi olmaq və rəhbər postlara seçilmək imkanı yaradır.
Assambleyada çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev son illərdə ölkəmizdə hotelçilik sahəsində beynəlxalq keyfiyyət standartlarının yüksəldilməsinin təşviq olunduğunu, hotellərin ulduz kateqoriyalarını müəyyən edən sertifikatlaşma orqanı tərəfindən indiyədək 263 hotelə müxtəlif ulduz dərəcələrinin verildiyini qeyd edib. O, cari il ərzində Azərbaycanın regionları üzrə ulduz təsnifatı prosesinin aparılacağını və dövlət-özəl tərəfdaşlığının bir istiqaməti kimi regionlarda yerləşən hotellərə birinci il üzrə sertifikat tarifinin tətbiq edilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında 2018-ci ildə imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları "Hotelstars" İttifaqının təsnifat meyarları əsasında hazırlanan Milli Ulduz Təsnifat Sistemi ilə müəyyənləşdirilir.