Azərbaycan Turizm Bürosu 11 - 15 iyun tarixlərində Moskvada keçirilən “Səyahət Et” forumunda iştirak edib. Forum Rusiya və MDB məkanında aparıcı turizm sənaye platformalarından biri kimi, turizm sənayesi peşəkarlarını, dövlət rəsmilərini və beynəlxalq ekspertləri bir araya gətirir, beynəlxalq turizm əməkdaşlığının cari tendensiyalarını, strategiyalarını və inkişafını müzakirə edir.
Forumun işgüzar proqramı çərçivəsində Azərbaycan Turizm Bürosunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəliyinin Direktoru Cəlal İsmayılov iyunun 12-də “Azərbaycan Turizm Bürosu ölkənin turist istiqaməti kimi cəlbedici imicini necə yaradır” mövzusunda məruzəçi qismində çıxış edib. Sessiya müxtəlif ölkələrin turizm orqanları arasında təbliğat, brendinq və təcrübə mübadiləsi məsələlərinə həsr olunmuşdu.
Bu cür yüksək səviyyəli tədbirlərdə iştirak, Azərbaycan Turizm Bürosuna Rusiya və digər MDB ölkələrindəki tərəfdaşlarla əməkdaşlığını daha da gücləndirməyə, Azərbaycanın müxtəlif turizm imkanlarını tanıtmağa və rusiyalı səyahətçilərin Azərbaycana artan marağını təşviq etməyə imkan verir.