15-17 oktyabr tarixlərində Azərbaycan Turizm Bürosu 5 sənaye tərəfdaşı ilə birlikdə Sinqapurda keçirilən "ITB Asia" beynəlxalq turizm sərgisində iştirak edib.
Üç gün davam edən sərgi çərçivəsində ATB nümayəndələri ölkənin turizm potensialını təqdim edib, regionun aparıcı turizm mütəxəssisləri ilə görüşlər keçirib və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbir qlobal turizm sənayesinin əsas nümayəndələrini bir araya gətirərək, şəbəkələşmə, bazar tendensiyalarının öyrənilməsi və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayıb.
Milli stendi Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev ziyarət edib.
Qeyd edək ki, "ITB Asia" turizm sərgisinə 132 ölkədən 1300-dən çox sərgi iştirakçısı qatılıb, ümumilikdə 27 mindən çox biznes görüşü keçirilib.