Azərbaycan Turizm Bürosu (ATB) 15-18 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Ferien-Messe Wien 2026 turizm sərgisində iştirak edib.
Avropanın aparıcı turizm sərgilərindən biri olan Ferien-Messe Wien, ölkəmizin turizm imkanlarının nümayiş etdirilməsi üçün əhəmiyyətli platforma rolunu oynayıb.
Sərgidə Azərbaycan Turizm Bürosu Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “Dreamland Baku” ilə birgə təmsil olunub.
Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək nümayiş olunan turizm məhsulları ilə tanış olub.
Tədbir çərçivəsində tanınmış avstriyalı jurnalist Kladius Rayxıl Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Vyana–Bakı istiqamətində müntəzəm olaraq aparılan birbaşa uçuşlar və asan viza prosesinin nəticəsi olaraq 2025-ci il ərzində Avstriyadan gələn ziyarətçilərin sayında ötən illə müqayisədə 6% artım müşahidə olunmuşdur.