Azərbaycan Turizm Bürosu (ATB) 17-19 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən ICCA Mediterranean & France-Benelux Chapter Meeting tədbirində iştirak edir.
Tədbir assosiasiya rəhbərlərini, konqres bürolarını, peşəkar konqres təşkilatçılarını və sənaye ekspertlərini bir araya gətirərək bilik və təcrübə mübadiləsi, yeni tendensiyaların müzakirəsi və sənayenin gələcək inkişaf perspektivlərinin dəyərləndirilməsi üçün platforma yaradır.
Beynəlxalq Konqres və Konvensiyalar Assosiasiyası (ICCA) beynəlxalq assosiasiya tədbirləri sənayesinin aparıcı qlobal təşkilatlarından biridir. Dünyanın 100-dən çox ölkəsindən minlərlə üzvü özündə birləşdirən assosiasiya beynəlxalq konqres və konfransların təşviqi, cəlb olunması və keçirilməsi istiqamətində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın inkişafına və təcrübə mübadiləsinə töhfə verir.
13 ildir ICCA-nın üzvü olan Azərbaycan qlobal görüşlər və tədbirlər sənayesində mövqeyini ardıcıl olaraq gücləndirir. Chapter Meeting çərçivəsində iştirak ölkəmizin beynəlxalq assosiasiya görüşləri və işgüzar tədbirlər üçün əlverişli istiqamət kimi tanıdılması, eləcə də sənayenin aparıcı nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının qurulması baxımından əhəmiyyət daşıyır.
ICCA kimi nüfuzlu beynəlxalq platformalarda fəal iştirak etməklə Azərbaycan beynəlxalq konqreslər və konfranslar üçün cəlbedici və rəqabətqabiliyyətli istiqamət kimi mövqeyini daha da möhkəmləndirir.