30 iyun tarixində İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisində Türkiyənin aparıcı qəzet, onlayn media platforması və televiziya kanallarını təmsil edən 25-dən çox media nümayəndəsinin iştirakı ilə media görüşü keçirilib.
Tədbirdə Azərbaycanın ilboyu zəngin turizm imkanları, turizm sahəsindəki son yeniliklər və turizm məhsulları barədə təqdimat nümayiş olunub. Daha sonra təşkil olunan interaktiv şəbəkələşmə sessiyasında Azərbaycanın Türkiyə turizm bazarında tanıdılması istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Müzakirələr zamanı media nümayəndələri Türkiyə vətəndaşları arasında Azərbaycana səyahətə marağın artdığını və ölkəmizin turizm istiqaməti kimi getdikcə daha çox diqqət cəlb etdiyini vurğulayıblar.
Tədbir çərçivəsində qonaqlara Azərbaycan çayı və ənənəvi milli şirniyyatlar təqdim olunaraq ölkəmizin zəngin qonaqpərvərlik ənənələri nümayiş etdirilib.
Media görüşü Türkiyə mediası ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə və Azərbaycanın Türkiyə turizm bazarında ilboyu səyahət üçün cəlbedici turizm istiqaməti kimi mövqeyinin gücləndirilməsinə töhfə verib.