30 iyulda Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Sengstschmid Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, Hanoy Ticarət və Turizm Kollecinin (Hanoi College of Commerce and Tourism) nümayəndə heyəti və Vyetnamın turizm sənayesi nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan və Vyetnam arasında qarşılıqlı turist mübadiləsinin təşviqi, Azərbaycanın Vyetnam bazarında cəlbedici turizm destinasiyası kimi tanıdılması və turizm təhsili sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Vyetnam turistləri üçün Azərbaycan və Mərkəzi Asiya ölkələrini əhatə edən birgə turizm marşrutlarının hazırlanması və təşviqi məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, belə marşrutlar regionun vahid turizm məhsulu kimi təqdim edilməsinə və Asiya ölkələrindən turist axınının artırılmasına töhfə verə bilər.
Təhsil sahəsində əməkdaşlıq çərçivəsində Hanoy Ticarət və Turizm Kolleci ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Turizm və Menecment Universiteti və turizm profilli kolleclər arasında təcrübə mübadiləsinin (experience exchange), akademik əməkdaşlığın və birgə təhsil təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə olunub.