Azərbaycan Turizm Bürosu (ATB) İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) 15-ci Texniki Komitələr Həftəsində iştirak edib. Tunis şəhərində keçirilən tədbirdə turizm standartları, sertifikatlaşdırma və xidmət keyfiyyətinə dair tələblər, xüsusilə halal turizm və bu sahə ilə əlaqəli xidmətlər üzrə müzakirələr aparılıb.
SMIIC və Tunisin Milli Standartlaşdırma və Sənaye Mülkiyyəti İnstitutu (INNORPI) tərəfindən birgə təşkil olunan tədbir SMIIC-ə üzv ölkələrdən standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma və akkreditasiya sahələri üzrə ekspertləri bir araya gətirib. İştirakçılar bu istiqamətlərdə bilik və təcrübə mübadiləsi aparıblar.
Tədbir çərçivəsində ATB nümayəndələri “Turizm və əlaqədar xidmətlər” üzrə Texniki Komitənin iclaslarında, həmçinin halal turizm, sertifikatlaşdırma və idarəetmə sistemləri ilə bağlı digər komitə və işçi qrupların müzakirələrində iştirak ediblər.
Tədbirdə iştirak Azərbaycanın turizm standartlarının və keyfiyyət tələblərinin hazırlanması sahəsində təcrübəsini bölüşməsi, turizm xidmətləri və sertifikatlaşdırma üzrə beynəlxalq yanaşmalarla tanış olması üçün imkan yaradıb. Tədbir həmçinin iştirakçı ölkələrin turizm və standartlaşdırma üzrə müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılmasına və yüksək keyfiyyətli, sertifikatlaşdırılmış və müxtəlif ehtiyaclara uyğun turizm xidmətlərinin inkişafını dəstəkləyən yanaşmaların öyrənilməsinə şərait yaradıb.