Oktyabrın 13-də İstanbulda Türkiyənin turizm sənayesinin 15-dən çox nümayəndəsinin iştirakı ilə Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəliyi və Rayda Tour şirkətinin birgə təşkilatçılığı ilə işgüzar görüş keçirilib. Tədbirdə Azərbaycanın turizm imkanları təqdim olunub və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün şərait yaradılıb.
ATB və Rayda Tour tərəfindən keçirilən təqdimatda Azərbaycanın müxtəlif bölgələri və səyahət təcrübələri haqqında məlumat verilib, ölkənin turizm məhsullarının Türkiyədən gələn turistlər üçün hazırlanacaq səyahət proqramlarına daxil edilməsi imkanları diqqətə çatdırılıb. Görüş, həmçinin turizm sənayesi nümayəndələrinin yeni əlaqələr qurması, fikir mübadiləsi aparması və əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün mühüm platforma rolunu oynayıb.
Tədbir çərçivəsində Azərbaycan qonaqpərvərliyinin və milli mətbəxinin nümunələri də təqdim olunub. İştirakçılar ənənəvi şirniyyatlar və qutabın dadına baxıb, yerli Azərbaycan şərablarının dequstasiyasında iştirak ediblər.
ATB Türkiyənin turizm sənayesi nümayəndələri ilə əlaqələri genişləndirməklə Azərbaycanın turizm imkanlarını tanıtmağa və ölkənin səyahət istiqaməti kimi təşviqi üzrə əməkdaşlığı gücləndirməyə davam edir.