Azərbaycan Turizm Bürosu (ATB) 9 noyabr 2026-cı il tarixində Cənubi Koreyanın Seul şəhərində işgüzar formatlı görüş keçirib. Tədbirdə Cənubi Koreyanın turizm sənayesinin 39 nümayəndəsi və Azərbaycanın dörd turizm şirkəti iştirak edib. Görüşün əsas məqsədi Azərbaycanın turizm imkanlarını təqdim etmək və Cənubi Koreyanın turizm nümayəndələri ilə işgüzar əlaqələri gücləndirmək olub.
Seulda keçirilən tədbir Azərbaycan Turizm Bürosunun Asiya-Sakit okean regionunda mövqeyini möhkəmləndirmək və Cənubi Koreya da daxil olmaqla regionun turizm bazarları ilə əlaqələrini genişləndirmək istiqamətində həyata keçirdiyi fəaliyyətlərin tərkib hissəsidir. Bu istiqamətdə ATB-nin 1951-ci ildən Asiya-Sakit okean regionunda turizmin inkişafına dəstək verən qeyri-kommersiya təşkilatı olan Asiya-Sakit Okean Səyahət Assosiasiyası (PATA) ilə əməkdaşlığı xüsusi yer tutur. Bu əməkdaşlıq çərçivəsində oktyabrın 29-da Bakıda “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilib. Tədbirə Cənubi Koreya da daxil olmaqla altı Asiya bazarından 50 turizm mütəxəssisi qatılıb. İştirakçılar Azərbaycan turizm şirkətləri ilə görüşərək mümkün tərəfdaşlıq imkanlarını və yeni turizm məhsullarının hazırlanmasını müzakirə ediblər.
Region üzrə bu əməkdaşlığın davamı olaraq Seulda keçirilən tədbir yerli turizm nümayəndələri ilə Azərbaycan şirkətlərini bir araya gətirərək əməkdaşlıq imkanlarının müzakirəsinə və işgüzar əlaqələrin inkişafına şərait yaradıb. Tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid , Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ramin Həsənov və PATA-nın sədri Henri Oh iştirak ediblər.
Tədbir çərçivəsində ATB Azərbaycanın ilboyu cəlbedici turizm imkanları təqdim edən müxtəlif turizm istiqamətlərini və təcrübələrini tanıdıb. Bakı tarixi abidələri və müasir məkanları ilə, Şahdağ və Qəbələ dağ mənzərələri və açıq hava fəaliyyətləri ilə diqqətə çatdırılıb. Tarix və ənənələrlə maraqlanan səyahətçilər üçün Şəki və Şuşanın mədəni irsi təqdim olunub. Bununla yanaşı, Naftalanın sağlamlıq turizmi imkanları, qış turizmi, qastronomiya və şərab turizmi, eləcə də Cənubi Koreya bazarı üçün işgüzar tədbirlər və işgüzar turizm (MICE) imkanları haqqında məlumat verilib.
Cənubi Koreyanın turizm sənayesi ilə əlaqələrin davamlı inkişafı vasitəsilə ATB yerli tərəfdaşlar şəbəkəsini genişləndirməyi, Azərbaycanın bu bazarda mövqeyini gücləndirməyi və daha çox Cənubi Koreya vətəndaşını ölkəmizi kəşf etməyə təşviq etməyi hədəfləyir.