Azərbaycan Turizm Bürosu 26 noyabr–3 dekabr tarixlərində Pakistanın 10 turizm şirkətindən olan qadın nümayəndələrin iştirakı ilə ölkəmizə tanışlıq səfəri təşkil edilib. Bu təşəbbüs Cənubi Asiyadan gələn qadın səyyahların artan marağını nəzərə alaraq ölkəmizi əsas turizm destinasiyası kimi təqdim etməyə yönəlib.
Proqram çərçivəsində iştirakçılar Bakı, Qəbələ, Şəki və İsmayıllının mədəni irsi, yerli mətbəxi və müasir turizm infrastrukturu ilə tanış olaraq Azərbaycanın müxtəlif turizm imkanlarını yaxından kəşf ediblər.
2 dekabr tarixində keçirilən B2B formatlı görüşlər çərçivəsində 50 yerli turizm şirkəti pakistanlı nümayəndələrlə əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün nəticəsi olaraq 2026-cı ildən etibarən Pakistandan olan qadın nümayəndələrin iştirakı ilə tur qruplarının təşkili istiqamətində yeni tərəfdaşlıqların formalaşması nəzərdə tutulur.
Qeyd edək ki, Pakistan Azərbaycanın ən sürətlə inkişaf edən turizm bazarlarından biridir. Son beş ildə ölkəmizə səfər edən Pakistan vətəndaşlarının sayında 74% artım müşahidə olunub.