Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
Səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin Xalq Respublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə çıxış edən Fuad Nağıyev Azərbaycan və Çin arasında son illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına müsbət təsirini vurğulayıb.
Çinin Mədəniyyət və turizm naziri Sun Yeli öz növbəsində Azərbaycan və Çin arasında iqtisadi və siyasi münasibətlərinin son illərdə möhkəmlənməsi, bunun turizmə müsbət təsirləri, çinli turistlərin Azərbaycana səfər etmələri üçün Azərbaycanın turizm imkanlarının Çin bazarında tanıdılmasının vacibliyini qeyd edib.
Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025” sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, "Şahdağ" Turizm Mərkəzi və digər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq görülüb.
Həmçinin sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çin Xalq Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında görüş keçirilib.