Azərbaycan Turizm Bürosu (ATB) Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində keçirilən 47-ci Beynəlxalq Turizm Sərgisində iştirak edib.
19–22 fevral tarixlərində baş tutan sərgi çərçivəsində ölkənin turizm potensialı "Absheron Hotel Group" ilə birgə milli stenddə təmsil olunub.
Milli stenddə təşkil edilən B2B və B2C formatlı görüşlər çərçivəsində ölkəmizin turizm imkanları, mədəni və təbii irsi, dağ-xizək mərkəzləri də daxil olmaqla müxtəlif turizm məhsulları barədə ətraflı məlumat verilib.
Sərginin ilk günü, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev milli stendi ziyarət edib.
Fevralın 20-də nümayəndə heyəti tərəfindən Ümummilli lider Heydər Əliyevin Belqradın “Taşmaydan” parkında yerləşən abidəsi ziyarət edilib və onun əziz xatirəsi ehtiramla yad edilib.
Sərgi çərçivəsində Serbiya Turizm Sənayesi Assosiasiyası (ATIS) və Serbiya Milli Turizm Təşkilatı (NTOS) ilə görüşlər keçirilərək iki ölkə arasında turizm sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Serbiyanın milli aviadaşıyıcısı, “Air Serbia” 2026-cı il mayın 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq.