Martın 5-də Azərbaycan Turizm Bürosu Rusiyanın paytaxtı Moskva şəhərində “Travel Media”-nın təşlkilatçılığı ilə keçirilən “AntorMICE B2B Workshop 2026” tədbirində iştirak edib.
Beynəlxalq turizm sənayesinin 40 nümayəndəsini bir araya gətirən tədbirdə tur operatorları, korporativ səyahət planlaşdırıcıları və tədbir təşkilatçı agentliklərinin nümayəndələri də daxil olmaqla təxminən 200 dəvətli qonaq iştirak edib. Tədbir yeni tərəfdaşlıqların qurulması və Rusiyanın işgüzar tədbirlər sektorunda əməkdaşlıqların gücləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.
Tədbir çərçivəsində ATB nümayəndələri Azərbaycanın biznes turizmi infrastrukturu, o cümlədən müasir konfrans məkanları, beynəlxalq hotel brendləri və unikal turizm imkanları barədə məlumat veriblər. Xüsusilə Bakının irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanları barədə geniş məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Rusiyanın işgüzar tədbirlər bazarında mövqeyini möhkəmləndirməyə davam edir və biznes tədbirləri üzrə ixtisaslaşmış turizm sənayesi nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini hədəfləyir.