Azərbaycan Turizm Bürosu 1-3 may tarixlərində İçərişəhərdə keçirilən “Bakı Beynəlxalq Xalça Festivalı: 2026” çərçivəsində ölkəmizin qastronomiya irsini, regional məhsul müxtəlifliyini və turizm potensialını ziyarətçilərə təqdim edib.
Festivalda yerli fermerlər və istehsalçılar Azərbaycanın müxtəlif bölgələrinə məxsus, ölkənin zəngin biomüxtəlifliyini və regional qastronomiya ənənələrini əks etdirən məhsulları nümayiş etdiriblər. Məhsullar arasında mürəbbə, bal, çay, halva, şirniyyatlar, süd məhsulları və digər yerli dadlar yer alıb. Bu təşəbbüs həm yerli istehsalçıların tanıdılmasına, həm də Azərbaycanın qastronomiya turizmi imkanlarının daha geniş auditoriyaya çatdırılmasına xidmət edib.
Bununla yanaşı, festival ərazisində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunun turist məlumat mərkəzinə yaxınlaşan yerli və xarici ziyarətçilərə Azərbaycanın turizm imkanları, regionların turizm potensialı və səyahət marşrutları haqqında məlumat verilib, turistik kitabçalar, broşürlər, xəritələr və digər promo materiallar təqdim olunub.
Qonaqlar VR eynəklər vasitəsilə Azərbaycanın müxtəlif turizm istiqamətlərini virtual şəkildə kəşf edib, rəqəmsal monitorlarda ölkənin təbiət, mədəniyyət, qastronomiya və şəhər turizmi imkanlarını əks etdirən vizual materiallarla tanış olublar.