Memoranduma əsasən, “Fly Khiva” tərəfindən Daşkənd–Gəncə marşrutu üzrə hər bazar günü həyata keçirilən çarter reyslərinin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, 2026-cı il 1 iyul tarixindən etibarən reyslərin tezliyinin artırılması və uçuşların həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetirilməsi planlaşdırılır. Bu isə səyahət edən turistlər üçün daha əlçatan və rahat nəqliyyat imkanlarının yaradılmasına xidmət edəcək.
Memorandumun imzalanma mərasimində Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, “TABIA Group”un baş icraçı direktoru Uyqar Koças, şirkətin kommersiya direktoru İbrahim İbrahimov və “Fly Khiva”nın Turizmin İnkişafı üzrə baş direktorun müşaviri İmran Nəzərov iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid qeyd edib ki, nəqliyyat əlaqələri xalqlar və mədəniyyətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. O bildirib ki, Daşkənd–Gəncə marşrutunun istifadəyə verilməsi Özbəkistandan gələn turistlər üçün Azərbaycanın unikal sağlamlıq turizmi məkanı olan Naftalana çıxışı daha da asanlaşdıracaq. Florian Zenqstşmid həmçinin qeyd edib ki, ölkənin əsrlər boyu formalaşmış müalicə ənənələrinin müasir turizm infrastrukturu ilə birləşməsi beynəlxalq turistlər üçün fərqləndirici üstünlük yaradır.
2026-cı ilin yanvar-may aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 28 214 nəfər təşkil edib.