22–26 iyun tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) İsveçrənin Bern şəhərində HotellerieSuisse təşkilatı ilə görüşlər keçirib.
Səfərin əsas məqsədi İsveçrədə alternativ yerləşmə vasitələrinin təsnifatı və keyfiyyət qiymətləndirilməsi sahəsində tətbiq olunan yanaşma və metodologiyalarla tanış olmaq olub.
Qeyd edilib ki, İsveçrənin mehmanxana və yerləşmə sektoru üzrə aparıcı peşəkar assosiasiyalarından biri olan HotellerieSuisse tərəfindən alternativ yerləşmə vasitələri üzrə tətbiq edilən təsnifat sistemi, keyfiyyət standartları və qiymətləndirmə meyarları nümayəndə heyətinə təqdim olunub.
Bununla yanaşı, İsveçrə Dağ Bələdçiləri Assosiasiyasının (SBV) təşkilatı ilə görüşlər keçirilib, görüşlər zamanı dağ bələdçiliyi sahəsində standartlar, təlim və sertifikatlaşdırma üzrə beynəlxalq təcrübə mübadiləsi aparılıb, eləcə də gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində beynəlxalq təcrübələr və onların Azərbaycan turizm sektoru üçün tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu, alternativ yerləşmə vasitələri üzrə keyfiyyət standartlarının təkmilləşdirilməsi və sektorun inkişafına yönəlmiş tədbirlərə töhfə verir.